Bakı. 18 dekabr. REPORT.AZ/ Pakistanın şimal-qərbində - Tirah vadisində təhlükəsizlik qüvvələrinin keçirdiyi antiterror əməliyyatları nəticəsində 57 yaraqlı öldürülüb.
"Report" "TASS"a istinadən xəbər verir ki, irimiqyaslı antiterror əməliyyatında ölkənin Hərbi Hava Qüvvələrinin təyyarələrindən də istifadə edilib. Təyyarələr Pakistan "taliban"çılarının "Təhrik-i- Pakistan" adlı yaraqlılarının düşərgə və bazalarını bombalayıb. Ümumilikdə onların mövqelərinə 20 aviazərbə endirilib.
Xatırladaq ki, bu terrorçu dəstə dekabrın 16-da Peşavar şəhərindəki hərbi məktəbə silahlı basqın etmişdi. Hadisə nəticəsində 136-sı uşaq olmaqla 148 nəfər öldürülmüşdü.
Tirah vadisi Əfqanıstanla sərhəddə yerləşir, "tayfa zonası" adlanır. Orada yaraqlıların hazırlanması üçün çoxlu sayda təlim düşərgəsi və baza var.