Bakı. 8 dekabr. REPORT.AZ/ Pakistanın xarici işlər nazirinin müavini Tasnim Aslam nüvə silahlarının satış üzrə Səudiyyə Ərəbistanı ilə sazişlərin mövcudluğu haqqında yayılan informasiyanı təkzib edib.
"Report" xəbər verir ki, xanım diplomat RİA "Novosti"yə müsahibəsində belə məlumatların əksəriyyətinin Nyu Dehlidən sızdığını bildirib.
"Biz həmişə nüvə silahlarının yayılmasına qarşı olmuşuq. Hələ Hindistanın 1974-cü ildə nüvə silahını sınaqdan keçirməsindən əvvəl Pakistan Cənubi Asiya zonasının nüvə silahlarından azad zonaya çevrilməsini təklif edib", - T.Aslam deyib.
XİN başçısının müavini Pakistanın yenə də insidentlərin və nüvə silahından istifadənin qarşısını almaq məqsədilə Hindistana strateji daşındırıcılıq rejimi tətbiqini təklif etdiyini vurğulayıb.
"Biz nüvə silahlı dövlətlərik və daha məsuliyyətlə hərəkət etməliyik. Gəlin strateji daşındırıcılıq rejimi tətbiq edək. Pakistanın bu təklifi hələ də masadadır, lakin Hindistan bu mövzunu müzakirə etməkdən imtina edir", - deyə T.Aslam bildirib.