Obama: İŞİD-in məğlub edilməsi vaxt aparacaq

Obama: İŞİD-in məğlub edilməsi vaxt aparacaq "İŞİD idarəçiliyin uğursuz olduğu və ya məzhəb qarşıdurmalarının baş verdiyi yerlərdə kök salır"
Digər ölkələr
30 Sentyabr , 2015 00:51
Obama: İŞİD-in məğlub edilməsi vaxt aparacaq

Bakı. 30 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti İŞİD-ə qarşı mübarizənin nə asan, nə də tez olacağı haqda mesaj verib.

“Report”un “Amerikanın Səsinə” istinadən verdiyi xəbərə görə, BMT-nin Baş Assambleyasının sessiyası çərçivəsində İŞİD və Zorakı Ekstremizmə Qarşı Liderlər Sammitinə sədrlik edən Barak Obama deyib ki, dünyanın 100-dən çox ölkəsi və qurumu qlobal hərəkatın bir hissəsi olaraq ekstremist qrupun məhv edilməsi missiyası arxasında birləşib.

Prezident Obama Nigeriya, Tunis və Malayziyanın ABŞ-ın başçılığı ilə İraq və Suriyada İslam Dövləti qrupuna qarşı mübarizə aparan 60-dan çox ölkənin daxil olduğu beynəlxalq koalisiyaya qoşulduğunu elan edib. O, bunun həm uğurlar, həm də geriləmələrlə müşayiət olan bir kampaniya adlandırıb.

"Mən dəfələrlə bildirmişəm ki, bizim yanaşmamız vaxt tələb edir, bu, asan vəzifə deyil" - deyə prezident Obama bildirib. O deyib:"Biz görürük ki, İŞİD idarəçiliyin uğursuz olduğu, bəzi hallarda vətəndaş müharibəsi və ya məzhəb qarşıdurmalarının baş verdiyi yerlərdə kök salır." 

ABŞ prezidenti deyib ki, İslam Dövləti qrupu təhlükəsizliklə bağlı boşluğun olduğu yerlərdə özünə yer edə bilir. O, qrupun sosial mediada öz sıralarına yeni üzvlər cəlb etmək səylərinin təsirli olduğunu etiraf edib.

Prezident Obama Suriya ilə bağlı bir gün əvvəl BMT-nin Baş Assambleyasında məruzəsi zamanı mesajını bir daha təkrar edərək, deyib ki, siyasi keçid prosesi prezident Bəşar Əl-Əsədin iştirakı olmadan baş verməlidir.

"Mən inanıram ki, İŞİD-in məğlub edilməsi yeni lider və terrorçu qruplara qarşı mübarizədə Suriya xalqını birləşdirəcək hamının təmsil olunduğu hökumət tələb edir"-deyə prezident Obama bildirib. 

Son xəbərlər

Orphus sistemi