Niderlandda parlament seçkilərinin nəticələri açıqlanıb

Niderlandda parlament seçkilərinin nəticələri açıqlanıb Səsvermənin nəticələrinə əsasən, heç bir partiya hökuməti təkbaşına qura bilməyəcək
Digər ölkələr
16 Mart , 2017 10:32
Niderlandda parlament seçkilərinin nəticələri açıqlanıb

Bakı. 16 mart. REPORT.AZ/ Niderlandda keçirilən parlament seçkilərində baş nazir Mark Ruttenin Azadlıq və Demokratiya uğrunda Xalq Partiyası parlamentdəki 150 yerdən 33-nü qazanaraq, birinci yerdə olub.

“Report” Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə səsvermənin yekun nəticəsində bildirilib.

Məlumata görə, bu partiya 2012-ci ildə keçirilən parlament seçkilərində 41 yer qazanıb.

“Brexit” (Britaniyanın Avropa İttifaqından çıxmasını nəzərdə tutur – “Report”) və ABŞ-da Donald Tramp hakimiyyətə gəldikdən sonra Hollandiya yanlış bir populizmə “xeyir” dedi. Artıq kamlaniya başa çatdı. Birlikdə stabil bir hökumət qurmalıyıq”, - deyə Mark Rutte səsvermənin nəticələrindən sonra bildirib.

Gert Vildersin radikal sağçı Azadlıq Partiyası isə 20 yer qazanaraq, ikinci olub. “Rutteyə qalib gəlmək istəyərdim, ancaq təəssüf ki, bu baş vermədi. Açığı daha çox səs gözləyirdim və daha çox səs ola bilərdi”, - deyə səsvermənin nəticələrindən sonra Gert Vilders vurğulayıb.

Avropa İttifaqı tərəfdarı olan “Demokratılar 66” Partiyası 19 deputatla üçüncü, islam dininə qarşı çıxışlar edən Xristian Demokratlar Partiyası da 19 yerlə dördüncü yerdə olub.

2012-ci ildə keçirilən seçkidə 38 deputat yeri qazanan Leyboristlər Partiyası isə bu seçkilərdən sonra 29 yer itirərək, parlamentdə 9 deputatla təmsil olunacaq.

Səsvermənin nəticələrinə əsasən, heç bir partiya hökuməti təkbaşına qura bilməyəcək. Koalisiya hökumətində azı 4 partiyanın təmsil olunacağı gözlənilir.

Martın 21-də rəsmi nəticələr açıqlanacaq. Bundan sonra hökumətin qurulması istiqamətində görüşlər başlayacaq. Ən çox deputat yeri qazanan partiya hökumətin qurulması üçün o biriləri ilə görüşəcək. Bu prosesin günlər, həftələr və aylar sürəcəyi ehtimal edilir. 

Son xəbərlər

Orphus sistemi