İsrail HƏMAS-ın hərbi-inzibati potensialını məhv etməyincə Qəzza zolağındakı əməliyyatlarını dayandırmayacaq.
“Report” xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib.
"Baş nazir Binyamin Netanyahu axşam saatlarında (oktyabrın 16-da-red) Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. Baş nazir açıq şəkildə bildirib ki, İsrail rəzil və qəddar qatillər tərəfindən hücuma məruz qalıb, qətiyyətli, vahid şəkildə birləşərək müharibəyə gedib və HƏMAS-ın hərbi, idarəetmə imkanlarını məhv etməyincə dayanmayacaq", - İsrail Baş nazirinin Ofisi iki liderin telefon danışığından sonra yaydığı məlumatda vurğulanır.
Daha əvvəl Kremlin mətbuat xidməti Putinin Netanyahu ilə Fələstin-İsrail münaqişəsinin pisləşməsini müzakirə etdiyini bildirib.
Qeyd edək ki, Fələstinin HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1 400-ə çatıb, 3 000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb.