Bakı. 13 avqust. REPORT.AZ/ Nepalda daşqınlar və sürüşmələr nəticəsində ölənlərin sayı 58-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə"Kathmandu Post" nəşri məlumat yayıb.
Pis hava şəraiti ilə əlaqədar 5 min nəfər təxliyə edilib, 34 min ev su altında qalıb.
***14:51
Nepalda daşqınlar və sürüşmələr nəticəsində ölənlərin sayı 49-a çatıb.
“Report” xəbər verir ki, bu barədə "Reuters" yerli məmura istinadən xəbər verib.
"Ölənlərin sayı arta bilər. Biz hələ son itkiləri sayırıq", – deyə daxili işlər nazirinin köməkçisi Lakşmi Pun bildirib.
DİN rəsmisi qeyd edib ki, pis hava şəraiti ilə əlaqədar 5 min nəfər təxliyə edilib, 34 min ev su altında qalıb.
Agentliyin məlumatına görə, təbii hadisə zamanı daha 17 nəfər xəsarət alıb.
***14:32
Nepalda daşqınlar və sürüşmələr nəticəsində ölənlərin sayı 40-a çatıb.
“Report” xəbər verir ki, bu barədə "France Presse" ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
"Cümə günündən daşqınlar və sürüşmələr nəticəsində azı 40 nəfər ölüb" – deyə ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi Dipak Kafle agentliyə bildirib. Onun sözlərinə görə, axtarış-xilasetmə qrupu təbii hadisənin baş verdiyi yerdə işini davam etdirir.
Leysan yağışlar cümə günü səhərdən ölkənin bir neçə vilayətini ağuşuna alıb. Hakimiyyət orqanları rəsmilərinin sözlərinə görə, əsas çaylardan birində suyun səviyyəsi normanı ötüb.
Yüzlərlə ev suyun altında qalıb, xeyli sayda ailə başqa ərazilərə təxliyə edilib.