Naməlum şəxs Yunanıstanın Nyu-Yorkdakı Baş Konsulluğunun girişində bitkilərin üzərinə tezalışan maye tökərək yanğın törətməyə cəhd edib.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Yunanıstanın Nyu-Yorkdakı Baş konsulu Dinos Konstantinu ölkəsinin ERT-1 telekanalına müsahibəsində bildirib ki, alov yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.
“Naməlum şəxs Yunanıstanın Nyu-Yorkdakı konsulluğunun girişindəki bitkilərin üzərinə tökdüyü alışan mayedən istifadə edərək, onun girişini yandırmağa cəhd edib”, - Konstantinu bildirib. “Yanğınsöndürənlərin dərhal reaksiyası sayəsində alov geniş əraziyə yayılmayıb və mən onlara öz minnətdarlığımı bildirmək istəyirəm”, - baş konsul bildirib. O, həmçinin əlavə edib ki, insident nəticəsində xəsarət alan olmayıb.
Konstantinu qeyd edib ki, oxşar hallar əvvəllər də baş verib. “Biz səbəbləri bilə bilmərik. Polis orqanlarının apardığı araşdırma zamanı onlar cinayəti törədənin kimliyini müəyyən edəcəklər - müşahidə kameralarından da video çəkilişlər var - və biz daha çox öyrənəcəyik”, - Yunanıstan nümayəndəsi bildirib.
Binada həmçinin Baş konsulun və Yunanıstanın BMT-dəki daimi nümayəndəsinin iqamətgahı yerləşir. Konstantinu qeyd edib ki, istintaqda FTB-nin də iştirakı gözlənilir.