Bakı. 8 iyul. REPORT.AZ/ Monqol Elində keçirilən prezident seçkisində müxalifətdən olan Demokratik Partiyanın namizədi Xaltmaaqiyn Battulqa ikinci turda qalib gəlib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu haqda Baş Seçki Komitəsi açıqlama yayıb.
Seçkinin ikinci turu iyulun 7-də keçirilib. Səsvermədə iştirak edən seçicilərin 610 541-i , yaxud 50,6 faizi müxalifət liderinin lehinə səs verib. Onun rəqibi hakim Xalq Partiyasının nümayəndəsi, ölkə parlamentinin sədri Mieqombın Enxbold isə səslərin 496 840-nı , yaxud 41,2 faizini toplayıb.
Qeyd edək ki, seçkinin birinci turu iyunun 26-da keçirilib.
Xatırladaq ki, Monqol Elində prezident 4 il müddətinə seçilir. O, iki dəfə dövlət başçısı postuna seçilə bilər. Fəaliyyətdə olan prezident Tsaxiaqiyn Elbeqdorj arıtq ikinci müddətdir prezidentdir.
Xaltmaaqiyn Battulqa 1963-cü il martın 3-də ölkə paytaxtı Ulan-Batorda doğulub. 1992-2004-cü illərdə ticarət sahəsində fəaliyyət göstərib. 2004-cü ildə ölkə parlamentinə deputat seçilib. 2008-2012-ci illərdə nəqliyyat naziri işləyib. 2012-ci ildən sənaye və kənd təsərrüfat naziri vəzifəsində çalışırdı. 2017-ci ildə Monqol Eli Demokratik Partiyası tərəfindən prezidentliyə namizəd olaraq, irəli sürülüb.
1986-1998-cu illərdə sambo və cüdo üzrə ölkə millisinin üzvü olub.
Rus və ingilis dillərini bilir.

