Moldova prezidenti Rumıniyanı dövlət sərhədləri haqqında müqaviləni imzalamağa çağırıb

Moldova prezidenti Rumıniyanı dövlət sərhədləri haqqında müqaviləni imzalamağa çağırıb İqor Dodon: "Əgər Moldovanın dövlət kimi yox olması üçün niyyətiniz yoxdursa, onda söyləyin ki, müqaviləni imzalamağa hazırsınız"
Digər ölkələr
27 Noyabr , 2016 18:43
Moldova prezidenti Rumıniyanı dövlət sərhədləri haqqında müqaviləni imzalamağa çağırıb

Buxarest. 27 noyabr. REPORT.AZ/ “Rumınlar bizim qardaşlarımız və dostlarımızıdır, lakin qonşu dövlət birləşmə ideyasından imtina etməli, dövlət sərhədləri haqqında müqaviləni imzalamaqla moldovalılara hörmətlərini sübut etməlidirlər”.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu sözləri Rumıniyanın “TVR” televiziyasına müsahibəsində Moldovanın yeni seçilən prezidenti İqor Dodon deyib.

Prezident əlavə edib ki, Rumıniya və Moldova müstəqil və suveren dövlətlər olaraq bir-birinə hörmətlə yanaşmalıdırlar. “Əlbəttə bizim ümumi tarixi köklərimiz var. Suveren dövlət olaraq Rumıniyaya hörmətlə yanaşırıq, istəyirik ki, Moldovaya da elə yanaşılsın. Bir-birimizə qonşu kimi gedib-gələ bilərik, lakin birləşmə ideyaları olmadan. Heç zaman anti-rumın olmamışam və indi də belə deyiləm, lakin hər zaman birləşmənin əleyhinəyəm” - deyə dövlət başçısı vurğulayıb.

Moldova prezidenti Rumıniya hökumətinə də müraciət edib. İqor Dodon həmin ölkə rəsmilərini artıq 25 ildir imzalanmayan dövlət sərhədləri haqqında müqaviləni imzalamağa çağırıb.

“Rumıniya Moldovanın müstəqilliyini tanıyan ilk dövlətdir. Buna görə sizə minnətdarıq. Əgər bizə müstəqil dövlət kimi yanaşırsınızsa və Moldovanın bir dövlət kimi yox olması üçün gizli niyyətiniz yoxdursa, onda birbaşa söyləyin ki, dövlət sərhədləri haqqında müqaviləni imzalamağa hazırsınız, birləşmə hərəkatı Rumıniyanın rəsmi hakimiyyət dairələri tərəfindən dəstəklənmir və maliyyələşmir”,- deyə İ. Dodon qeyd edib.

Moldova prezidenti onu da bildirib ki, Moskva və Brüsseldən sonra 3-cü xarici səfərini Rumıniyanın paytaxtı Buxarestə edəcək.

Son xəbərlər

Orphus sistemi