Moldova Avropa İttifaqı ölkələri ilə öldürücü silahların tədarükü ilə bağlı ilkin müzakirələr aparır.
“Report”un məlumatına görə, bunu “Moldova-1” telekanalına müsahibəsində ölkənin Baş naziri Nataliya Qavrilitsa deyib.
“Biz tərəfdaşlarımızdan sərhədlərin möhkəmləndirilməsi, Mülki Müdafiə və Fövqəladə Hallar Xidmətinə kömək istədik. Təbii ki, biz Avropa İttifaqı ölkələri ilə digər yardım növlərini də müzakirə edirik. Hələlik bunlar ilkin müzakirələrdir. İndi biz qərar veririk ki, bizə öldürücü silah lazımdır, ya yox”-deyə, o bildirib.
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass “The Daily Telegraph” qəzetinə bildirib ki, NATO müttəfiqləri təkcə Ukraynanın deyil, həm də Moldovanın alyansın standartlarına uyğun silahlanması məsələsini müzakirə edirlər.
O, buna Rusiyadan Moldovaya hərbi təhlükənin olmasının səbəb olub-olmadığı sualına müsbət cavab verib.