Bakı. 19 sentyabr. REPORT.AZ/ Odessa vilayətinin eks-qubernatoru və Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sentyabrın 20-də Dneprə gedəcək.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, o, Lvovda keçirdiyi brifinqdə yaxın vaxtlarda Zaporojye, Poltava, Sum və Odessaya səfər etmək niyyətində olduğunu bildirib.
Xatırladaq ki, sentyabrın 18-də Lvov şəhər məhkəməsində Ukrayna sərhədini qanunsuz keçdiyi üçün Mixeil Saakaşvilinin ölkə ərazisindən çıxarılması barədə qaldırılmış iddiaya baxılıb. Məhkəmə prosesin sentyabrın 22-nə təxirə salınması barədə qərar qəbul edib.
Bundan əvvəl Ukrayna baş prokuroru Yuri Lutsenko Mixeil Saakaşvilinin ölkədən çıxarılmayacağını bildirmişdi.