Yuxarı

Misirdəki aviaqəzadə ölənlərin 163-nün cəsədi Qahirəyə gətirilib

Qəza yerində axtarış işləri davam etdirilir

Bakı. 1 noyabr. REPORT.AZ/ Dünən Sinay yarımadasının dağlıq hissəsində qəzaya uğrayan Rusiya təyyarəsinin sərnişinlərindən 163-nün cəsədi Qahirədəki morqa gətirilib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Misirin Nazirlər Kabinetinin yaydığı bəyanatda məlumat verilib.

"Bu ana qədər Rusiya laynerinin göyərtəsində qəzaya uğramış 163 nəfərin cəsədi Qahirəyə gətirilib. Meyitlər Zenham morquna, Naser İnstitutuna, as-Sahel və Bulak ad-Dakrur hospitallarına göndərilib", - Misir hökumətinin əməliyyat qərargahından məlumat verilib.

Misirli mütəxəssislər cəsədlərdən DNT testi götürəcək və onların nəticəsini rusiyalı həmkarları ilə bölüşəcək.

Nazirlər Kabinetinin verdiyi məlumata görə, qəza yerində Misir Silahlı Qüvvələrinin və Səhiyyə Nazirliyinin xilasedicilərinin iştirakı ilə əməliyyat-axtarış tədbirləri davam edir.

Qeyd edək ki, Misirin Şarm əl-Şeyx şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə hərəkət edən "Metrojet" (keçmiş adı "Koqalımavia") aviaşirkətinə məxsus "Airbus A-321" sərnişin təyyarəsi Sinay yarımadasının şimal-şərqində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 217 sərnişin və 7 ekipaj üzvü hadisə zamanı dünyasını dəyişib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi