Bakı. 13 fevral. REPORT.AZ/ Misir prezidenti Əbdülfəttah əs-Sisi qanunvericilik hakimiyyətinin parlamentə keçməsini elan edib. O, bu barədə yeni Misir parlamentinin Nümayəndələr Palatasının deputatları qarşısında çıxışında bəyan edib.
O deyib: “Mən xalqın elçiləri qarşısında bəyan edirəm ki, qanunvericilik hakimiyyəti azad seçkilər nəticəsində formalaşan parlamentə keçir. Ondan Misir xalqının rifahı və onun inkişafı naminə istifadə edin”.
Dövlət başçısı yeni qanunverici məclisə hədsiz etimad göstərdiyini bildirərək vurğulayıb: “Mən sizə ölkəmizin gələcəyinin ümidi kimi baxıram.
Əbdülfəttah əs-Sisi vurğulayıb ki, son vaxtlar Misirdə xalqın qürur duya biləcəyi bir sıra möhtəşəm layihələr həyata keçirilib.
Misir prezidenti yenə də beynəlxalq birliyi bütün dünyaya təhlükə olan terrorizmə qarşı mübarizədə səyləri birləşdirməyə çağırıb.