Mərakeşdə "Krans-Montana. 21-ci əsrdə yeni Afrika yolunda" forumu işinə başlayıb

Mərakeşdə "Krans-Montana. 21-ci əsrdə yeni Afrika yolunda" forumu işinə başlayıb Tədbir Mərakeş kralı VI Məhəmmədin himayəsi altında keçirilir
Digər ölkələr
17 Mart , 2017 16:56
Mərakeşdə Krans-Montana. 21-ci əsrdə yeni Afrika yolunda forumu işinə başlayıb
Report.az

Daxla, Mərakeş. 17 mart. REPORT.AZ/ Mərakeşin Daxla şəhərində Mərakeş kralı VI Məhəmmədin himayəsi altında keçirilən sayca üçüncü "Krans-Montana. 21-ci əsrdə yeni Afrika yolunda" forumu işinə başlayıb.

"Report"un Mərakeşə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, tədbirdə dünyada əkinçilik üçün yararlı ərazilərdən məqsədyönlü istifadə, Afrika istiqamətinin inkişafı, "Cənub-Cənub" əməkdaşlığının perspektivləri, iqlim dəyişiklikləri və onların ada dövlətlərinə təsiri və s. kimi müxtəlif mövzular müzakirə ediləcək.

Tədbirdə çıxış edən Daxla regionu başçısı Yanca Xattar Mərakeş kralı VI Məhəmmədin iştirakçılara ünvanladığı məktubu oxuyub. Məktubda forumun önəmi, burada qəbul edilən qərarların tez-tez müxtəlif sahələrdə əhəmiyyətli tərəqqiyə səbəb olduğu vurğulanıb.

Həmçinin Mərakeşin Afrikadakı münaqişələrin dinc yolla həll edilməsinin tərəfdarı olduğu qeyd edilib. Mərakeş kralı məktubunda Afrika qitəsinin böyük imkanlara malik olduğunu bildirib və bu potensialdan istifadə etməyə dair çağırış edib.

Krans-Montana Forumunun prezidenti Jan-Pol Karteron bu gün dünyanın fəlakətlərlə sarsıldığını, Mərakeş kimi ölkələrin isə dünyada sabitlik adası olduğunu bildirib.

Qeyd edək ki, tədbirdə Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin və beynəlxalq təşkilatların yüksək vəzifəli rəsmiləri, elmi dairələrin nümayəndələri iştirak edirlər.

Tədbir panellər çərçivəsində müzakirələrlə davam edəcək və martın 21-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi