Bakı. 16 may. REPORT.AZ/ Meksikada radiostansiyanın aparıcısı qətlə yetirilib.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, hadisə ölkənin cənubunda baş verib.
Tabasko ştatının qubernatorunun sözlərinə görə, radioaparıcı Xuan Karlos Uerta avtomobildə naməlum şəxslər tərəfindən güllələnib. O, qeyd edib ki, bu təsadüfi qətl deyil. Qətl hadisəsi Uerta evdən çıxanda törədilib.
Bununla da 2012-ci ildən Meksikada qətlə yetirilən jurnalistlərin sayı 32 nəfərə çatıb. Meksika dünyada jurnalistlər üçün ən təhlükəli ölkələrdən biridir.