Bakı. 30 yanvar. REPORT.AZ/ 2017-ci il ərzində Meksikanın Verakrus ştatı ərazisində yüzlərlə insanın meyit və qalıqlarının olduğu 340-dan çox gizli məzarlıq aşkar edilib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu bazar ertəsi ştatın baş prokuroru Xorxe Uinkler deyib.
"Qanunsuz məzarlıqlar ştatın 44 bələdiyyəsində tapılıb.Bu məzarlıqlarda 225 cəsəd, 335 kəllə sümüyü və 30,6 mindən çox müxtəlif cəsəd qalıqları və fraqmentləri tapılıb", — deyə o qeyd edib.
Baş prokuror əlavə edib ki, indiyədək yalnız 111 nəfərin şəxsiyyəti müəyyənləşdirilib, mütəxəssislər digərlərini eyniləşdirə bilməyiblər.