Bakı. 26 oktyabr. REPORT.AZ/ Pakistan məhkəməsi antikorrupsiya işi bağlı dinləmələrə gəlmədiyi üçün keçmiş baş nazir Nəvaz Şərif barəsində həbs qətimkan tədbiri seçib.
“Report” “GeoTV”yə istinadən xəbər verir ki, N.Şərif hazırda anası ilə birlikdə Səudiyyə Ərəbistanındadır.
İnformasiyaya əsasən, onun vəkili Xavaca Xərris bildirib ki, keçmiş baş nazir xanımı Bəyim Gülcümün xəstəliyi ilə əlaqədar məhkəmədə iştirak etmir. Bununla belə hakim qərarını dəyişməyib. N.Şərifin məhkəmə dinləməsinə gəlməsi haqqında götürdüyü möhlət müddəti başa çatıb.
Məhkəmənin növbəti iclası noyabrın 3-ə təyin edilib.
Qeyd edək ki, oktyabrın 19-da Pakistan məhkəməsi keçmiş baş nazir N.Şərifə, onun qızı Məryəm Nəvaza və kürəkəni Məhəmməd Safdara qarşı korrupsiya ittihamı irəli sürüb. Onların heç biri özlərini təqsirli bilməyib.
Xatırladaq ki, Nəvaz Şərif 3 dəfə (1990-1993, 1997-1999, 2013--2017-ci illərdə) Pakistanın baş naziri olub. Bu ilin iyulun 28-də Pakistanın Ali Məhkəməsi onun barəsində vəzifəsinə uyğun gəlməməsi ilə bağlı qərar qəbul edib. Bundan sonra N.Şərif istefa verib.