“Fransa ölkəsinin və xalqının azadlığı uğrunda mübarizə aparmağa çalışan Martinika gənclərini amansızcasına cəzalandırıb”.
“Report” xəbər verir ki, bunu Suveren Martinika Uğrunda Demokratlar və Ekoloqlar Hərəkatını təmsil edən Klodet Düamel Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
K.Düamel bildirib ki, Martinika hər zaman ədalət prinsiplərini müdafiə edib: “Fransanın mərkəzində Hitlerin abidəsini təsəvvür edə bilərsinizmi? Əlbəttə ki, bu qəbuledilməzdir. Amma Martinikanın gəncləri işğalçıların abidələrindən qurtulmaq istəyəndə fransız müstəmləkəçilər onları amansızcasına cəzalandırıb və həbs ediblər”.
Onun sözlərinə görə, son 400 ildə Fransa Martinika əhalisini nəinki azadlıqdan məhrum edib, həm də qəsdən əhalinin sağlamlığına çox böyük ziyan vurub: “Biz xəstələnmə göstəriciləri yüksək olan ölkəyə çevrilmişik. Dəfələrlə Fransadan mütəxəssislərin göndərilməsini və tədqiqatların aparılmasını xahiş etsək də, cavab qənaətbəxş olmayıb. Buna görə də bu gün biz təkcə azadlıq üçün deyil, həm də gələcək nəsillərin sağlamlığı üçün mübarizə aparırıq”.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən, həmçinin Korsikadan olan nümayəndələr iştirak edir.
BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.
Bu xüsusda, BTQ sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.