Bakı. 5 iyun. REPORT.AZ/ Maltanın baş naziri Cozef Muskat ikinci müddətə seçilib.
"Report" Malta KİV-inə istinadən xəbər verir ki, onun rəhbərlik etdiyi Leyboristlər partiyası vaxtından əvvəl keçirilən və seçici fəallığının 92% olduğu seçkilərdə böyük fərqlə qələbə qazanıb.
"Seçicilərin seçdiyimiz kursu dəstəklədikləri tam aydındır", - deyə 43 yaşlı C.Muskat bildirib.
Onun rəqibi, Maltanın mühafizəkar Milliyyətçi Hərəkat Partiyasının lideri Saymon Busuttil məğlubiyyətini qəbul edib.
Qeyd edək ki, mayın 1-də baş nazir C.Muskat ölkədə parlament seçkilərinin vaxtından əvvəl - iyunun 3-də keçiriləcəyini elan edib. Baş nazir müxalifəti onun haqqında yalan məlumatlar yaymaqda və ölkənin siyasi və iqtisadi sabitliyini pozmaqda ittiham edib.
Maltada növbəti parlament seçkiləri 2018-ci ildə keçirilməli idi.