Bakı. 14 avqust. REPORT.AZ/ Malinin Timbukt şəhərində silahlı şəxslərin BMT missiyasının bazasına hücumu zamanı ölənlərin sayı 6 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Frans Press" agentliyi BMT-dəki mənbəyə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, hücum zamanı 6 mühafizəçi həlak olub. Mənbənin məlumatına görə, BMT missiyasının mənzil-qərargahına hücum etmiş 6 silahlı zərərsizləşdirilib. O, həmçinin qeyd edib ki, hadisə zamanı bir neçə sülməramlı xəsarət alıb.
Öz növbəsində "Associated Press" də BMT missiyasına hücum zamanı 7 nəfərin həlak olduğunu bildirib.
"Habertürk" isə BMT rəsmisi Fərhan Haka istinadən hadisə zamanı 7 nəfərin öldürüldüyünü, daha 7 nəfərin yaralandığını xəbər verib.
***22:53
Malidə BMT missiyasına hücum nəticəsində 4 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haka istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, naməlum silahlılar avqustun 14-də, səhər ölkənin mərkəzi hissəsində, Douençdə düşərgəyə hücum ediblər. F. Hakın sözlərinə görə, hücum zamanı bir əsgər və BMT missiyasının nümayəndəsi həlak olub. Cavab atəşi ilə silahlılardan 2-i öldürülüb.
Hadisədən bir neçə saat sonra BMT-nin Timbuktdakı bazasına da silahlı hücum edilib. Hakın sözlərinə görə, orada atışma hələ davam edir.