Fələstin Prezidenti Mahmud Abbasın Rusiyaya səfərinin yeni tarixinin müəyyənləşdirilməsi ilə bağlı tərəflər arasında razılıq əldə edilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl jurnalistlərə açıqlamasında bildirib.
“Mahmud Abbas Moskvaya səfərə həmişə şaddır. Ancaq vəziyyətə görə biz - Rusiya və Fələstin bu səfər üçün yeni tarixlər təyin etmək barədə razılığa gəldik”, - diplomat söyləyib.
O xatırladıb ki, bu ilin payızında M.Abbasın Rusiyaya səfəri planlaşdırılmışdı. Ancaq bu ziyarət qeyri-müəyyən müddətə təxirə salınıb. Noyabrın 27-də Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirmişdi ki, M.Abbasın səfəri hələ razılaşdırılmayıb. Ancaq təmaslar davam edir.