“WikiLeaks” saytının yaradıcısı Culian Assanjın ekstradisiyasına dair dinləmələr Londonda iyunun 12-də davam etdiriləcək.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə qərar London Vestminster Magistrat Məhkəməsi tərəfindən verilib.
Məhkəmənin texniki məsələlərə həsr olunan və bir neçə dəqiqə davam edən iclasında C.Assanj səhhətilə bağlı iştirak etməyib. Hakim dinləmələrin keçiriləcəyi yerin sonradan müttəhimin səhhətinə görə təyin ediləcəyini bildirib.
2010-cu ildə İsveçdə cinsi zorakılıqda ittiham edilən C.Assanj 2012-ci ildən Ekvador səfirliyində sığınacaq tapıb. Bu il aprelin 11-də isə İsveç və ABŞ orderlərinə əsasən, həbs edilən C.Assanj London məhkəməsi tərəfindən girov müqabilində azadlığa çıxmaq qaydalarını pozmaqda ittiham edilərək 11 ay həbs cəzasına məhkum edilib. Onun məhz hansı ölkəyə ekstradisiya olunacağına dair dinləmələr isə mayın 2-də başlayıb.