Bakı. 12 sentyabr. REPORT.AZ/ Çərşənbə axşamı naməlum şəxslər Liviyanın paytaxtı Tripolidə yerləşən yeganə Mitiqa beynəlxalq hava limanını raket atəşinə tutublar.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü "Reuters" məlumat yayıb.
Bildirilir ki, hava limanı yaxınlığında partlayış səsləri eşidilib. Şahidlərin sözlərinə görə, raketlərdən biri dənizə düşüb. İlkin məlumatlara görə, hadisə nəticəsində heç kim xəsarət almayıb. Raket atəşinin arxasında kimin dayandığı hələ ki, məlum deyil.
"Reuters" yazır ki, Misirdən Tripoliyə kommersiya reysi həyata keçirən təyyarə atəş səbəbindən paytaxtdan 200 km məsafədə yerləşən Misrat şəhərinə məcburi eniş etməli olub.