Bakı. 28 noyabr. REPORT.AZ/ Küveyt hökuməti tam tərkibdə istefaya göndərilib.
“Report” TASS-a istinadən xəbər verir ki, Küveyt əmiri şeyx Sabah əl-Əhməd əl-Caber əs-Sabah hökumətin istefasını qəbul edib.
İnformasiyaya görə, Caber əl-Məhəmməd əl-Hamad əs-Sabahın başçılıq etdiyi hökumət 2013-cü ilin avqustundan hakimiyyətdə olub. Noyabrın 26-da Küveytdə keçirilən parlament seçkisindən sonra hökumət istefa verib. Seçkilərin nəticəsinə görə, müxalifət parlamentdəki yerlərin 3-də birini qazanıb.
Qeyd edək ki, Küveytdə Məclis əmir tərəfindən çağırılır. O, qısa müddətdə yeni çağırış elan edə bilər. Küveyt parlamenti 50 deputatdan ibarətdir. Onlar birmandatlı dairə üzrə gizli ümumxalq səsverməsi yolu ilə seçilirlər. Küveytdə siyasi partiyalar qadağan edilib. Ancaq deputatlığa namizədlər seçkilərdə blok yaradaraq, iştirak edə bilərlər. Küveytdə deputatlığa namizəd küveytli və 30 yaşında olmalıdır.