Pandemiya Latın Amerikasındakı 1,5 milyon məhkumu təhlükə altında qoyub.
“Report” “Euronews”a istinadən xəbər verir ki, həbsxanalardakı həddindən artıq sıxlıq və əlverişsiz gigiyenik şərait koronavirusun sürətlə yayılmasına yol açıb.
Məlumata görə, Çilinin paytaxtı Santiaqoda cəmi 1 100 məhkumun olduğu həbsxanada 300-dən çox şəxsə koronavirus diaqnozu qoyulub. Həbsxanadakı tibb bacısı Ximena Qraniffo “Associated Press”ə açıqlamasında bütün məhkumların bir-birilə sıx təmasda olduğunu deyərək narahatlığını ifadə edib.
Pandemiyanın yayılması ilə birgə cinayətlərin də artdığı Salvadorda qətl sifarişlərinin həbsxanadan verildiyi iddiası ilə yerli həbsxanada bütün məhkumlar bir araya toplanaraq yoxlanılıb. Bu hadisədən sonra virusun burada sürətlə yayılacağı gözlənilir.
İndiyədək bu ölkələrdə təxminən 1 400 nəfərdə koronavirus aşkarlanıb.
Peru həbsxanalarında 613 yoluxma və 13 ölüm faktı qeydə alınıb. Peru virusun məhkumları ən çox təhlükədə qoyduğu ölkələr arasında birinci sıradadır.
Bundan başqa, Dominikan Respublikasında 5 000-dən çox məhkum koronavirus testindən keçib, 239 nəfərin nəticəsi pozitiv çıxıb.
Kolumbiyada isə həbsxanalarda 23 məhkum COVID-19-dan dünyasını dəyişib.
“Human Rights Watch” təşkilatına görə, Haiti, Boliviya və Qvatemala kimi ölkələrdəki həbsxanalarda durum daha ağırdır.
Pandemiya ilə əlaqədar Çili və Kolumbiyada ümumilikdə 7 500 məhkum azadlığa buraxılıb. Meksika isə analoji qərarı ötən həftə verib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 083 000-i ötüb. Bunların 934 140 nəfəri sağalıb, 212 498 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.