Fransa Prezidenti Emmanuel Makronun ən yaxın siyasi müttəfiqləri onun problemlərin həllinə və dövləti idarə etməyə yanaşmasını “toksik” hesab edərək, ölkə rəhbərindən tədricən uzaqlaşırlar.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazıb.
Məlumata görə, Fransa liderindən tədricən uzaqlaşan tərəfdaşları arasında iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer, daxili işlər naziri Jerald Darmanen və hökumət başçısı Qabriel Attal, həmçinin onlarla qanunverici var. Nəşr qeyd edir ki, Makronun populyarlığı sürətlə azalır, onun davranışı isə getdikcə ekssentrik xarakter alır. Buna misal olaraq nəşr ölkədə sağçı və solçu siyasi qüvvələr arasında qarşıdurma ilə bağlı Makronun “vətəndaş müharibəsi” ilə bağlı bəyanatını göstərir.
Bir çox hökumətyönlü namizədlər Fransa Milli Assambleyasına (parlamentin aşağı palatası) növbədənkənar seçkilər ərəfəsində proqramlarında və posterlərində Makronun şəxsiyyətinə müraciət etməkdən imtina edirlər. Bu, həm də ona görədir ki, Makron prezidentliyi illərində təkbaşına idarəetmə tərzi ilə öz partiyasını zəiflədib.