ABŞ-ın keçmiş prezidenti Donald Tramp Floridadakı Mar-a-Laqo şəhərindəki malikanəsində Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən ələ keçirilən sənədlərdə İran və Çin Xalq Respublikası (ÇXR) ilə bağlı həssas kəşfiyyat məlumatları olub.
“Report”un məlumatına görə, bu barədə mənbələrə istinadən “The Washington Post” qəzeti yazıb.
Qeyd olunub ki, Trampın mülkündə axtarışlar zamanı ələ keçirilən ən azı bir sənəddə İranın raket proqramı, digər sənədlərdə ÇXR ilə bağlı xüsusi kəşfiyyat məlumatları olub. Belə ki, İran və Çinlə bağlı sənədlər ən məxfi sənədlərdən biri hesab olunur.
Sənədlərdə olan məlumatlar Birləşmiş Ştatların istifadə etdiyi xəbər toplama təcrübələrini aşkar edə bilər. Mütəxəssislər hesab edirlər ki, bu cür məlumatların açıqlanması Amerika kəşfiyyatına kömək edən insanlara təhlükə yaradacaq və nəticədə məlumat toplamaq üsulları pozula bilər.
Bildirilib ki, ölkələr və ya rəsmi Vaşinqtonun düşmənləri ABŞ-ın gizli şəkildə etdiyi hərəkətlərə görə qisas ala bilər.