Bakı. 24 iyul. REPORT.AZ/ Rusiyanın "Qazprom" şirkəti türkmən qazının istehsalı və paylanması ilə məşğul olan "Türkmənqaz" müəssisəsinə qarşı Stokholm Arbitraj Məhkəməsində iddia qaldırıb.
"Report" xəbər verir ki, bu barədə "Forbes" "Qazprom"dakı mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Rusiya tərəfi müqavilə qiymətinin yenidən nəzərdən keçirilməsi ilə bağlı iddianı iyunun 8-də qaldırıb.
Bir qədər əvvəl Türkmənistan "Qazprom" şirkətini müflisləşməkdə və 2015-ci ilin əvvəlindən türkmən qazına görə pulu ödəməməkdə günahlandırıb.
Sonradan Türkmənistanın "Qazprom"a qarşı iddialarını bir qədər yumşaltdığı bildirilib.