Bakı. 15 yanvar. REPORT.AZ/ Venesuelanın paytaxtı Karakasda yerləşən Akademiyalar Sarayı şənbə günü cinayətkar qrup tərəfindən talan edilib.
“Report” xəbər verir ki, bu barədə öz “Twitter” səhifəsində Cənubi Amerika ölkəsinin Elmlər Akademiyasının rəhbəri Cokonda San-Blas yazıb.
Karakasın düz mərkəzində yerləşən binada bir neçə akademiya, o cümlədən tibb, tarix, təbiət və siyasi elmlər akademiyası var.
"Canilər kompüterləri, proyektorları və altı akademiyaya məxsus başqa əşyaları özləri ilə aparıblar", - deyə San-Blas bildirib və qarətçilərin müəssisələrdə dağıntılar törətdiklərini əlavə edib.
Polis cinayətkarların axtarışına başlayıb. Dəyən ziyan barədə məlumat verilmir.