Yuxarı
    Bağlamaq

    Kanada parlamentində Azərbaycanla bağlı bəyanat səsləndirilib

    Yona Martin senator həmkarlarını Azərbaycanın müstəqilliyinin 97-ci ildönümünü qeyd etməyə dəvət edib

    Bakı. 30 May. REPORT.AZ/ Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, senator Yona Martin (Yonah Martin) Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü münasibətilə Kanada Parlamenti Senatında bəyanatla çıxış edib.

    Azərbaycanın Kanadadakı səfirliyindən "Report"a verilən xəbərə görə, bəyanatda qeyd edilir ki, 1918-ci il mayın 28-də yaranan Azərbaycan Respublikası müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika olub: “Respublikanın ən mühüm nailiyyətlərindən biri 1919-cu ildə qadınların seçki hüququnu tanıyaraq, kişirlərlə eyni siyasi hüquqlar verməsi idi. Qeyd edilməlidir ki, Kanada qadınları da səsvermə hüququnu məhz həmin ildə əldə edib və bu, Britaniya və ABŞ-dan illərlə öncə baş verib”.

    Qeyd olunur ki, Azərbaycanın müstəqilliyinin yalnız iki il sürdüyü və Qırmızı Ordunun Bakını tutmasından sonra, ölkəmizin 71 il Sovet İttifaqının tərkibində yaşamağa vadar olduğu qeyd edilir.

    1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən Azərbaycanın hazırda regionun iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkələrindən biri olduğu bildirilir. Qeyd olunur ki, Azərbaycan bütün vətəndaşlarına dini etiqad azadlığını təmin edən dünyəvi dövlətdir. “Buna görə də, əhalisinin əksəriyyəti müsəlman olan ölkədə, yəhudi və xristian icmaları azad şəkildə dinlərinə etiqad edə bilirlər. Azərbaycan dini etiqad azadlığı və birgə yaşayışı seçdiyinə görə təqdir edilməlidir”.

    Daha sonra 2013-cü ildə Kanada Parlamenti nümayəndə heyətinin tərkibində Azərbaycana səfərinə toxunan senator Martin, bu səfərin ona Azərbaycanın zəngin mədəni irsi və tarixi yerləri ilə şəxsən tanış olmaq imkanı yaratdığını bildirmişdir. O, həmçinin rastlaşdığı qadınların timsalında Azərbaycan qadınlarının həqiqi müstəqilliyinə diqqət çəkərək, bu səfərdən mənmnunluğunu dilə gətirib.

    Sonda Yona Martin senatorları Azərbaycan icmasının Kanada mədəniyyət mozaikasına verdiyi töhfəni, Azərbaycan səfirliyinin mühüm rolunu və Azərbaycanın müstəqilliyinin 97-ci ildönümünü qeyd etməyə dəvət edib, eləcə də ölkəmizə parlaq gələcək arzulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi