Yuxarı

​Kanada İŞİD-ə qarşı koalisiyadan çıxır

Kanadalı hərbi təlimatçılar İraqın şimalındakı kürd silahlılarına təlim keçəcəklər

Bakı. 21 oktyabr. REPORT.AZ/ Kanada İraq və Suriyada beynəlxalq koalisiya qüvvələri ilə birlikdə İŞİD-ə qarşı hava əməliyyatlarında iştirak etməyəcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kanadanın baş naziri səlahiyyətlərini icra edən Castin Trüdo bildirib.

O, bu barədə oktyabrın 20-də ABŞ prezidenti Barak Obamaya da məlumat verib.

Qeyd edək ki, oktyabrın 18-də Kanadada keçirilən parlament seçkisində C.Trüdonun başçılıq etdiyi Liberal Partiya qalib gəlib. Onun partiyası 338 yerlik ölkə parlamentində 184 yer qazanaraq, hökuməti quracaq.

Castin Trüdo seçkiqabağı təbliğat kampaniyası zamanı qalib gələcəkləri halda İraq və Suriyada İŞİD-ə qarşı hərbi koalisiyadan çıxacaqlarını bildirmişdi.

Kanadalı hərbi təlimatçılar İraqın şimalındakı kürd silahlılarına təlim keçəcəklər.

Xatırladaq ki, Kanadanın keçmiş hökuməti 2014-cü ilin oktyabrında Yaxın Şərqə 6 "F-18" qırıcısı, iki "SP-140 Aurora" kəşfiyyat təyyarəsi və bir yanacaq dolduran "Airbus CC-150" təyyarəsi, hərbi hava qüvvələrinə yardım etmək üçün bölgədə 600 kanadalı hərbçi göndərmişdi. Onlar Küveytdəki hərbi bazada yerləşdirilib.

Kanadalı hərbçilər ilk dəfə 2015-ci ilin aprelində hərbi əməliyyatlarda iştirak ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi