“Ka Ubuntu” müstəqillik hərəkatı Reyunyon adasının Fransanın müstəmləkə zülmündən azad olması uğrunda mübarizə aparır.
“Report” xəbər verir ki, bunu hərəkatın sədri Romen Katambara Bakıda keçirilən "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" adlı beynəlxalq konfransda bildirib.
"Təşkilatımız beş ildir Afrikadakı müstəmləkələrin müstəqilliyi uğrunda mübarizə aparır. Bizim üçün ən vacib məsələ həqiqi müstəqilliyə nail olmaq və imperializmə qarşı səmərəli mübarizə aparmaqdır. Biz xalqlarımız arasında siyasi və tarixi şüuru oyatmalıyıq. Hər bir xalq öz taleyini özü müəyyən etməlidir", - o qeyd edib.
R.Katambara vurğulayıb ki, bir çox Afrika ölkələri formal olaraq müstəqil adlansalar da, əslində müstəqil deyillər: "Müstəqil ölkədə başqa dövlətlərin hərbi bazaları ola bilməz. İdarəetmə xarici nəzarət altında olmamalıdır. Reyunyonun azadlığı ilə mübarizə yolunda görüləcək çox iş var. Səsimizi beynəlxalq ictimaiyyətə çatdırmalıyıq".
O, həmçinin bu konfransı təşkil edən Bakı Təşəbbüs Qrupuna (BTQ) Fransanın müstəmləkə siyasəti ilə bağlı problemi açıq müzakirə etmək imkanı yaratdığına görə təşəkkürünü bildirib.
“Fransanın müstəmləkə zülmünə qarşı mübarizəmiz fonunda burada iştirak bizim üçün çox önəmlidir”, - R.Katambara əlavə edib.