İranın Londondakı müvəqqəti işlər vəkili Seyid Mehdi Hüseyni Mətin Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.
“Report” xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilib.
“Xarici işlər naziri Devid Kemeron bu gün (aprelin 14-də – red.) İran səfirliyinin müvəqqəti işlər vəkilini çağırıb. Böyük Britaniya İranın İsrailə birbaşa və görünməmiş hücumunu, İordaniya və İraqın hava məkanını pozmasını ən sərt şəkildə pisləyir. Yaxın Şərqdə böyük gərginlik yaşandığı bir vaxtda bu, İran tərəfindən son dərəcə təhlükəli və lazımsız eskalasiya idi”, – kommünikedə qeyd olunub.
Krallığın Xarici İşlər Nazirliyi “İsrailin və bütün regional tərəfdaşların, o cümlədən İordaniya və İraqın təhlükəsizliyini qorumağa davam edəcəyini” və “bölgədə sabitliyi qorumaq və saxlamaq üçün beynəlxalq tərəfdaşlarla işləməyi” vəd edib. London Tehranı “deeskalasiya, habelə ehtiyatsız və qanunsuz davranışını dayandırmaq üçün əhəmiyyətli və təcili tədbirlər görməyə” çağırıb.