“Fransa bir vaxtlar xalqlar arasında malik olduğu qibtə olunası mövqeyini, cəlbediciliyini və cazibəsini itirib, hazırda uçuruma sürüklənməkdədir”.
"Report" xəbər verir ki, bunu fransalı iqtisadçı, professor Olivye Babo tvitter səhifəsində yazıb.
"O [Fransa], bir vaxtlar zəngin olmuş, indi isə artıq ehtiyaclarını ödəməyə imkanı olmayan adama bənzəyir. Onun bir vaxtlar malik olduğu gözəllik artıq heç kimi cəlb etmir", - professor yazıb. Babo ölkənin hazırda bir çox göstəricilərdə geri qaldığını qeyd edib. Onun sözlərinə görə, bura həm adambaşına düşən ÜDM, həm məhsuldarlıq, həm iş gününün uzunluğu, həm də tələbələrin bilik səviyyəsi daxildir.
“Biz geri qalırıq, amma bu, bizim vecimizə də deyil”, - O.Babo təəssüflə qeyd edib.
Fransalı iqtisadçı hesab edir ki, Fransa keçmişdə olduğu kimi artıq dünyanın ən səxavətli sosial müdafiə sistemini təmin edə bilmir, onun dövlət vəsaitləri “quruyub”, idarəetmə sistemi böyük və səmərəsizdir.
Onun sözlərinə görə, borcverənlər (əməliyyat xərcləri üçün həftədə 6 milyard) artıq dövlətdən üz döndərir, borclar baha başa gəlməyə başlayıb...
"Həyata yeni yanaşma - hər kəsin başqalarının hesabına yaşaya biləcəyi bir cəmiyyət qurulub. Bütün sərvətlər qanunsuzdur. Bütün elitalar fırıldaqçılardır. Əmək mürtəce dəyərdir. İnsanlar arasında fərq qabarıq nəzərə çarpır, buna görə də nifrət hissi yaradır. Tərəqqiyə inamsızlıqla baxılır. Elm istehza obyektidir" - O.Babo bugünkü Fransanı belə təsvir edir.
"Fransızlar hesab edirlər ki, onlar bizim müstəsnalığımızın işığından məhrum olduğu üçün qaranlıqda yaşayan bu xalqlar üzərində danılmaz mənəvi üstünlüklərə malikdirlər. Biz fransız olduğumuz üçün başqalarından daha az işləyə, başqalarına qarşı daha çox vergi tətbiqə edə və tənzimləyə bilirik”, - müəllif istehza ilə yazır.
Onun sözlərinə görə, mövcud qanunlarla tezliklə Fransada sadəcə olaraq, heç nə olmayacaq və vergi yığmağa heç kim qalmayacaq.
"Biz sidrsiz Livan və neftsiz Venesuela arasında bir şey, peyin üzərində dayanan xoruz olacağıq", - o fikrini tamamlayıb.