Bakı. 23 dekabr. REPORT.AZ/ Pakistanın paytaxtı İslamabadın Beynəlxalq Hava Limanında terrorçuların axtarışı üzrə xüsusi əməliyyat keçirilir. Buna İslamabad təhlükəsizlik qüvvələri ölkənin əsas aeroportunda planlaşdırılan terror aktları haqqında əldə olunan informasiya ilə əlaqədar həyata keçirirlər. Bu barədə "Report" "İTAR-TASS"a istinadən xəbər verir.
Bu gün səhər İslamabadın Benazir Bxutto adına Beynəlxalq Hava Limanının ərazisi polis və ordunun xüsusi təyinatlı qüvvələri tərəfindən mühasirəyə alınıb, əraziyə girib-çıxan nəqliyyat partlayıcı maddələrin olub-olmaması əsaslı şəkildə yoxlanılır. Aeroportun ərazisinə yalnız şəxsiyyəti təsdiq edən sənədlər və aviabilet təqdim edən sərnişinlər daxil ola bilir.
Məlum olduğu kimi, ötən sutka ərzində polis İslamabad və Ravalpindi şəhərində terror aktlarının planlaşdırılmasında şübhəli qismində 12 nəfəri saxlayıb. Sorğudan sonra onlar azadlığa buraxılıblar.