İŞİD Fransanın məşhur telekanalına kiberhücum təşkil edib

İŞİD Fransanın məşhur telekanalına kiberhücum təşkil edib Quruma aid 11 telekanal və saytlar iflic olub
Digər ölkələr
9 Aprel , 2015 15:51
İŞİD Fransanın məşhur telekanalına kiberhücum təşkil edib

Bakı. 9 aprel. REPORT.AZ/ "Olland (Fransa prezidenti Fransua Olland nəzərdə tutulur-S.İ.) heç bir işə yaramayacaq savaş açaraq bağışlanılmaz bir səhv etdi. Ona görə də fransızlar "Charlie Hebdo" və "Hyper Cacher"də hədiyyələrini aldılar". "Report" CNNTürk-ə istinadən xəbər verir ki, bunu Fransanın beynəlxalq "TV5 Monde" telekanalına kiberhücum təşkil edən İŞİD bildirib.

Məlumata görə, kiberhücum nəticəsində telekanalın verilişləri 3 saat kəsilib.

"TV5 Monde"yə bağlı 11 telekanal, internet saytları, "twitter" və "facebook" sosial şəbəkələrindəki səhifələri İŞİD-in kiberhücumu nərticəsində bir neçə saatlıq iflic olub.

Hadisədən sonra Fransanın xarici işlər naziri Loran Fabius, daxili işlər naziri Bernard Kaznevi, KİV məsələləri üzrə nazir Fleur Pelerin televiziyanın yerləşdiyi binaya gediblər.

"Hadisəni törədənləri müəyyənləşdirməyə çalışırıq. Ancaq onlar müəyyənləşənədək səbirli olmalıyıq. Hədələr yeni olmasa da, onu icra edənlər yenidir. Bu, tayı-bərabəri olmayan, çox uzun müddətə hazırlıq görülən bir hücumdur. Bütün təhlükəsizlik və texniki tədbirlər görülüb. Bu terrorçular bütün yeni texnikalardan istifadə edirlər. İŞİD-ə aid olduqlarını bildirirlər. Əvvəllər belə işlər görənlər tutulmayıb. Ancaq bu hücuma qarşı kibertəhlükəsizlik və müdafiə istiqamətində hazırlıqlar inkişaf etdiriləcək", - Fransa XİN rəhbəri Loran Fabius bəyan edib. 

Daxili işlər naziri Bernard Kaznevi bu cür basqınların qarşısının alınması üçün yeni proqramlar yaratmağa başladıqlarını söyləyib.

Nazir Fleur Pelerin bildirib ki, bütün media qurumları qısa bir zamanda toplanaraq məsələ ilə bağlı ortaq fəaliyyət göstərəcək.

Xatırladaq ki, "Charlie Hebdo" jurnalının Parisdəki ofisinə basqından sonra Fransadakı bütün KİV orqanlarının binaları hərbçilər və polis tərəfindən qorunur. 

Son xəbərlər

Orphus sistemi