Yuxarı

​İran müxalifətinin İraqdakı düşərgəsinin atəşə tutulması nəticəsində 23 nəfər ölüb

Con Kerri ölənlərin qohumlarına, düşərgənin təhlükəsizliyinə, basqınçıların tapılacaqlarına dair vədlər verib

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bağdadda qaçqın düşərgəsinin raket atəşinə tutulması nəticəsində biri qadın olmaqla 23 nəfər həyatını itirib, onlarla insan yaralanıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda İraq Silahlı Qüvvələrinin təmsilçisi bildirib.

ABŞ-ın dövlət katibi Con Kerri ölənlərin qohumlarına və xəsarət alanların yaxınlarına yardım edəcəklərini, eləcə də düşərgənin təhlükəsizliyini gücləndirəcəklərini, basqınçıların tapılacaqlarını boyun olub.

BMT-nin qaçqınlarla iş üzrə agentliyi də baş verənləri kəskin tənqid edərək, günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.

Məlumata görə, İran hakimiyyətinə müxalif olan Xalq Mücahidləri Təşkilatının düşərgəsinə 80-dən artıq raket atılıb. Təşkilatın mətbuat katibi Şahin Qubadi bildirib ki, bu, Xalq Mücahidlərinin yerləşdiyi düşərgəyə ilk hücum deyil. Qurumun rəhbərliyi baş verən hadisəyə görə İraq hakimiyyətini ittiham edib.

Rəsmi Bağdad isə atəş açanların hədəfində iranlı dissidentlərin olub-olmaması məsələsini araşdıracağını bildirib.

Hadisənin məsuliyyətini hələ ki,  heç bir təşkilat və ya qruplaşma üzərinə götürməyib.

Qeyd edək ki, İran Xalq Mücahidləri Təşkilatı 1965-ci ildə yaranıb. Onlar ölkədə şah rejiminin dağılması uğrunda mübarizə aparıblar. 1980-ci illərdə İran rəhbərliyi bu təşkilatın ölkəni tərk etməsinə nail olub. Onların üzvləri 1980-ci illərin sonlarında İran həbsxanalarında məhkəməsiz edam edilib.

Təşkilat İran-İraq müharibəsində Tehrandakı hakimiyyəti devirmək məqsədi ilə Səddam Hüseyn ordusu tərəfdən döyüşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi