Yuxarı
    Bağlamaq

    İqor Dodon: "Prezident seçilsəm, Trayan Baseskunu Moldova vətəndaşlığından məhrum edəcəm" - FOTO

    Bununla bağlı məndə lazımi sənədlər var

    Kişinyov. 5 noyabr. REPORT.AZ/ Moldova prezidentliyinə namizəd, Sosialistlər Partiyasının lideri İqor Dodon noyabrın 13-də keçiriləcək seçkinin ikinci turunda qələbə qazanarsa, Rumıniyanın sabiq prezidenti Trayan Baseskunu Moldova vətəndaşlığından məhrum edəcək.

    “Report”un Şərqi Avropa bürosu xəbər verir ki, İ. Dodon bu bəyanatla Moldovanın "PRO TV" kanalında keçirilən namizədlərin debatında çıxış edib. ”Basesku ailəsinə Moldova vətəndaşlığının verilməsində müxtəlif prosedur qaydaları pozulub. Bununla bağlı məndə lazımi sənədlər var. Odur ki, cənab Trayan Basesku hazırlaşın, 14 noyabrda layiq olmadığınız Moldova vətəndaşlığından məhrum ediləcəksiniz”,- deyə İqor Dodon bildirib.

    O, əlavə edib ki, prezidentliyə namizəd, Fəaliyyət və Həmrəylik Partiyasının sədri Maya Sandu da T. Basesku kimi Moldovanın Rumıniyaya birləşdirilməsinin tərəfdarlarından biridir. Lakin Moldova müstəqil və suveren dövlətdir və onun Rumıniyaya birləşdirilməsi qəbuledilməzdir.

    Qeyd edək ki, oktyabrın 30-da Moldovada keçirilən prezident seçkisində İqor Dodon və Maya Sandu seçicilərin 47,98% və 38,71% seçici səslərini qazandıqlarında ikinci turda mübarizəni davam etdirəcəklər.

    “Böyük Rumıniya”nın yenidən yaradılmasının tərəfdarlarından biri olan T.Basesku Moldovada prezidentliyə namizəd, ölkəsinin Avropaya inteqrasiya xəttini tutan Maya Sandunu dəstəkləyir və seçkinin ikinci turunda onun qalib gələcəyinə ümid edir.

    Xatırladaq ki, iyunun əvvəlində Moldova vətəndaşlığına qəbul olunan Rumıniyanın sabiq prezidenti Trayan Basesku və onu xanımı Mariya Basesku noyabrın 3-də Moldovanın Rumıniyadakı Səfirliyində vətəndaşlıq andı da içiblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi