Yuxarı

İndoneziyada dağıdıcı sunaminin 10-cu ildönümü qeyd olunub

Mərasimdə ölkənin vitse-prezidenti və 36 ölkənin, o cümlədən Azərbaycanın nümayəndələri iştirak edib

Bakı. 26 dekabr. REPORT.AZ/ İndoneziyada 10 il əvvəl baş vermiş dağıdıcı sunami qurbanlarının xatirəsinə həsr olunan yas mərasimləri başlayıb. "Report" xəbər verir ki, sunaminin 10-cu ildönümünü 2004-cü ildə ən çox zərər görmüş Açex vilayətinin paytaxtı Banda-Açexdə qeyd ediblər. 

Tədbirdə ölkənin vitse-prezidenti Yusuf Kalla, eləcə də sunamidən sonra Açexə yardım göstərmiş 36 ölkənin, o cümlədən Azərbaycanın nümayəndələri iştirak edib.

Vitse-prezident qonaqlarla birgə Banda-Açexin Bayturrahman məscidində cümə namazında iştirak edib, sunami qurbanlarının xatirəsinə həsr olunmuş memoriala baş çəkiblər.

Açex nümayəndəsi bildirib ki, Banda-Açexdə cümə namazında 8 minə yaxın insan iştirak edib. 

Qeyd edək ki, anım mərasimləri, həmçinin Tayland və Şri-Lankada keçirilir.

2004-cü il dekabr ayının 26-da Hind okeanında baş verən təbii fəlakət nəticəsində 228 min nəfər həlak olub. 

Ən çox zərər sualtı zəlzələnin episentrinə yaxın olan İndoneziyanın Açex vilayətinə dəyib - orada 170 000  nəfər həlak olub, 100 000 ev və digər obyektlər dağılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi