Bakı. 3 avqust. REPORT.AZ/ Ötən gecə Hindistanda güclü yağışlar nəticəsində Mumbay-Qoa yolu üzərindəki körpünün uçması zamanı ən azı 22 nəfər itkin düşüb.
"Report" xəbər verir ki, bu barədə çərşənbə günü NDTV telekanalı məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, faciə Hindistanın qərbində, Mahad şəhəri ərazisində baş verib. Güclü musson yağışlarından daşan Savitri çayı köhnə körpünün dayaqlarını yuyub aparıb və onun seksiyası uçub. Həmin zaman körpü üzərində çoxlu sayda avtomobil və iki avtobus olub ki, onlar da çaya düşüb. Sahilə çıxmaq istəyənləri güclü axın özü ilə aparıb.
Səhər saatlarında xilasetmə işlərinə başlansa da, əməliyyatların aparılması yağışların davam etməsi səbəbindən çətinləşib.