Parisdə terror aktları nəticəsində ölənlərin sayı 132-yə çatıb - YENİLƏNİB-3

Parisdə terror aktları nəticəsində ölənlərin sayı 132-yə çatıb - YENİLƏNİB-3 350 yaralıdan 42-nin vəziyyəti isə ağırdır
Digər ölkələr
16 Noyabr , 2015 02:02
Parisdə terror aktları nəticəsində ölənlərin sayı 132-yə çatıb - YENİLƏNİB-3

Bakı. 16 noyabr. REPORT.AZ/ Parisin bir neçə küçəsində ard-arda baş vermiş terror aktları nəticəsində ölənlərin sayı 132-yə çatıb. 

Bunlardan 103-nün kimliyi müəyyən edilib, digərlərinin DNT analizi aparılır. 350 yaralıdan 42-nin vəziyyəti isə ağırdır.

21:00

Bakı. 15 noyabr. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə törədilən terror aktları ölkə xaricində hazırlanıb. "Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fransanın Daxili işlər naziri Bernar Kaznev bildirib.

Onun sözlərinə görə, terror aktları "Belçika ərazisində olan bir qrup insanın" dəstəyi ilə həyata keçirilib. 

Fransa mətbuatı yazır ki, ölkədə ötən cümə günü elan olunan fövqəladə vəziyyət üç ay müddətinə uzadıla bilər. Prezident Fransua Ollandın bu təklifi dəstəklədiyi qeyd edilir.

Həmçinin, bildirilir ki, 129 nəfərin ölümünə səbəb olan terror aktlarını törədən yeddi terrorçudan üçü Fransa vətəndaşıdır.

16:09

Bakı. 15 noyabr. REPORT.AZ/ 129 nəfər noyabrın 13-ü gecə saatlarında Fransanın paytaxtı Parisdə törədilən terror aktlarının qurbanı olub, daha 352 nəfər yaralanıb, onlardan 99-nun vəziyyəti ağırdır.

Parisdə terror aktları zamanı ölənlərdən 103 nəfəri tanınıb.

"Report" xəbər verir ki, bu barədə Fransanın baş naziri Manuel Vals məlumat verib.

O, mütəxəssislərin cəsədlərin tanınması prosesini davam etdirdiklərini diqqətə çatdırıb.

"İş davam etdirilir, 20-30 nəfərin şəxsiyyətini müəyyən etmək hələ ki, mümkün olmayıb", - deyə TASS Valsın sözlərini sitat gətirib.

13:47

Noyabrın 13-ü gecə Fransanın paytaxtında üç terrorçu qrupu olub. Onlar dəstələrə bölünərək "SEAT Leon" və "Volkswagen Polo" markalı avtomobillərlə aktların törədiləcəyi yerlərə yollanıblar. Hər iki maşın Belçikada Fransa vətəndaşı tərəfindən icarəyə götürülüb.

"Report" xəbər verir ki, bu barədə mətbuat konfransında Paris prokuroru Fransua Molen məlumat verib.

Prokuror qeyd edib ki, Parisdə ilk partlayış "State de France" stadionunun "D" girişi yaxınlığında baş verib.

Partlayış yerində iki cəsəd aşkar edilib: onlardan birinin üzərində kamikadze kəməri olub, digəri isə yoldan keçən təsadüfi şəxs.

Bundan sonra terrorçular restoranda insanlara hücum etməyə başlayıblar. Burada 15 nəfər ölüb, həmçinin 10 nəfər yaralanıb.

Növbəti partlayış "State de France" stadionunun "H" girişində baş verib. Burada yalnız kamikadzenin meyiti aşkar edilib.

Yerli vaxtla 21:32-də Paris barlarından birində terrorçular yenidən insanlara atəş açıblar. Hadisə yerində 100 giliz tapılıb. Atəş nəticəsində 5 nəfər ölüb, 8-i yaralanıb. Qeyd olunur ki, terrorçular bura artıq başqa avtomobildə gəliblər.

"Bataclan" teatrında üç terrorçu ölüb (Onlardan birini polis vurub, digər ikisi özünü partladıb). Burada ümumilikdə 89 nəfər həlak olub, yaralıların sayı barədə məlumat verilmir.

Bundan əlavə, 18 nəfər "La Belle Equipe" yaxınlığındakı terrasda həlak olub, daha 14 nəfər "La Grillon" barında qətlə yetirilib.

Prokurorun sözlərinə görə, ümumilikdə altı hücum təşkil edilib. Nəticədə 129 nəfər ölüb, 352 nəfər yaralanıb. Onlardan 99-nun vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi