Finlandiya Mərkəzi Polisi ölkənin hava məkanının Rusiyanın sərnişin təyyarələri tərəfindən pozulması ilə bağlı dörd faktı araşdırır.
“Report” “Kommersant”a istinadən xəbər verir ki, Finlandiya polisinin məlumatına görə, bütün insidentlər 2 dəqiqəyə qədər davam edib və mart ayında baş verib.
Bu cür halların hamısı Finlandiya körfəzindəki Loovisa şəhəri yaxınlığında baş verib. Polis Rusiya aviaşirkətlərinin bu hərəkətlə Avropa İttifaqının onlara qarşı tətbiq etdiyi sanksiyaları pozmasından şübhələnir.
Finlandiya qanunvericiliyinə görə, sanksiyaların pozulması cərimə və ya iki ilə qədər həbslə nəticələnə bilər. Məhdudiyyətləri ciddi şəkildə pozduqda üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası da tətbiq edilə bilər.
Qeyd edək ki, Rusiyanın fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlamasından sonra Finlandiya qonşu ölkənin aviaşirkətlərinə öz hava məkanından istifadəni qadağan edib.