Bakı. 2 iyun. REPORT.AZ/ Filippinin silahlı insident baş vermiş "Resorts World Manila" otel kompleksində 34 nəfərin meyiti aşkar olunub.
"Report" xəbər verir ki, bu barədə cümə günü yerli polisə istinadən "Kyodo" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, ölənlərin əksəriyyəti otelə hücum edən naməlum şəxsin törətdiyi yanğın nəticəsində boğulub. İnsident zamanı, həmçinin 54 nəfər dəm qazından zəhərlənib.
Bəzi məlumatlara görə, hücum edən şəxs özünə qəsd edib, digər məlumatlara əsasən isə polis tərəfindən öldürülüb.
***22:22/1 iyun
Filippinin paytaxtı Maniladakı mehmanxana kompleksində atışma nəticəsində ən azı 25 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "Manila Times" məlumat yayıb.
***
Filippinin paytaxtı Manilanın mehmanxana komplekslərindən biri yaxınlığında atışma və partlayış baş verib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "CNN Philippines" telekanalı məlumat yayıb.
Telekanal xəbər verir ki, hazırda "Resorts World Manila" mehmanxana kompleksinə "təcili yardım", həmçinin yanğınsöndürən və xilasetmə xidmətlərinin nümayəndələri cəlb olunub.
Kompleks Ninoy Akino adına Filippin beynəlxalq hava limanının qarşısında yerləşir.