İsraildə Knessetə (parlament) keçirilən seçkilərlə bağlı “exit-poll”un ilkin nəticələri açıqlanıb.
"Report" xəbər verir ki, "Kanal 11"in “exit-poll”unun nəticələrinə görə, İsrail Ordusunun sabiq Baş qərargah rəisi Beni Hans və sabiq jurnalist Yair Lapidin rəhbərlik etdiyi “Kahol-Lavan” mərkəzçi bloku Knessetdə 37 yer, Binyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası isə 36 yer tutacaq.
Digər, "Kanal-12"nin “exit-poll” nəticələrinə görə, “Kahol-Lavan” mərkəzçi bloku Knessetdə 37 yer, “Likud” partiyası isə 33 yer tutacaq.
Qeyd edək ki, Knessetdəki (İsrail parlamenti) 120 yer uğrunda İsrailin ümumilikdə 40 siyasi blok və partiyası mübarizə aparır. Lakin aparılan sorğulara əsasən, zəruri olan 3,25%-lik seçki baryerini keçərək parlamentə seçilmə şansına malik partiyaların sayı 10-dan azdır. Son sosioloji sorğunun nəticələrinə əsasən, Baş nazir Binyamin Netanyahunun “Likud” partiyası, həmçinin İsrail Ordusunun sabiq Baş qərargah rəisi Beni Hans və sabiq jurnalist Yair Lapidin rəhbərlik etdiyi “Kahol-Lavan” mərkəzçi bloku qələbəyə əsas namizədlərdir.