Bakı. 01 sentyabr. REPORT.AZ/ Neft-qaz sahəsinə qarşı etiraz edən fəallar ABŞ prezidenti Barak Obamanın Nevada ştatında iqlim dəyişikliyi ilə mübarizə mövzusunda çıxışına mane olublar.
"Report" xəbər verir ki, dövlət başçısı, hətta etirazçıların ona danışmaq imkanı verməmələrindən gileylənib.
"Mən, yeri gəlmişkən bu barədə danışmaq istəyirəm, siz isə mənə mane olursunuz", - deyə Obama onu səsə basmağa çalışan nümayişçilərə bildirib.
"Başa düşdüm, yaxşı. Mən sizi başa düşdüm, çox sağolun", - deyə o, kütlə arasından şüarlar səsləndirən qadını sakitləşdirməyə çalışıb.
Nümayişçilər qlobal istiləşmə ilə mübarizə üzrə beynəlxalq proqram işləyib hazırlayan ABŞ administrasiyasının, eyni zamanda ölkənin neft-qaz sənayesi ilə müqavilələr imzalamasına qarşı çıxıblar.