Yuxarı

​Əli Əkbər Vilayəti: "ABŞ İranla Yəmən və Suriya mövzularında müzakirələr aparmaq istəyir"

Ali dini liderin icazəsi olmadan İranın heç bir rəsmisi regional məsələlər və ikitərəfli əlaqələr haqqında amerikalılarla görüş hüququna malik deyil

Bakı. 22 iyul. REPORT.AZ/ ABŞ rəhbərliyi İranla Yəmən və Suriya mövzularında müzakirələr aparmaq istəyir. "Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, bunu İranın ali dini lideri ayətullah Seyid Əli Xamneyinin baş məsləhətçisi Əli Əkbər Vilayəti bildirib.

Onun sözlərinə görə, İranla "altılıq" ölkələri arasında əldə olunmuş nüvə müqaviləsi ölkəsinin regional siyasətini dəyişməyəcək: "İranın regiondakı müqavimət xəttindəki döyüşçülərə dəstəyi necə idi, elə də qalacaq, hətta bu dəstək artacaq".

Əli Əkbər Vilayəti İranla ABŞ-ın apardığı müzakirələr zamanı ali dini liderin göstərişi ilə yalnız nüvə məsələsi ilə bağlı görüşdüyünü deyərək, lakin bundan əvvəl Əfqanıstan və İraq problemi ilə bağlı BMT-nin vasitəçiliyi ilə ABŞ-la danışıqlar apardıqlarını da söyləyib: "Son zamanlar ABŞ rəsmiləri Suriya və Yəmən kimi bəzi regional məsələləri də İranla görüşmək arzusundadır. Ancaq ali dini liderin icazəsi olmadan İranın heç bir rəsmisi regional məsələlər və ikitərəfli əlaqələr haqqında amerikalılarla görüş hüququna malik deyil".

Baş məsləhətçi nüvə müqaviləsinin ölkəsinin hərbi gücünə də təsir göstərməyəcəyini deyərək, İran tərəfindən uzun və qısamənzilli, bərk və ya maye yanacaqla işləyən hər cür raketin istehsal ediləcəyini vurğulayıb.

Əli Əkbər Vilayəti həmçinin İranın İraq hökuməti və xalqının hər cür terrorla mübarizəsinə dəstək vermək məsələsində də qərarlı olduğunu qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi