“Söhbət müsəlmanlardan və müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdən gedirsə, Qərb mediası ikili standartlar siyasətinə sadiqdir”.
Bunu “Report”a açıqlamasında pakistanlı beynəlxalq əlaqələr üzrə analitik Xalid Taymur Əkrəm deyib.
Onun fikrincə, bu ona görədir ki, Qərb ölkələrindəki hökumətlər qərəzsizliyə deyil, öz strateji maraqlarına və müttəfiqliklərinə üstünlük verirlər.
O, nümunə kimi İsrail-HƏMAS münaqişəsini də göstərib.
Ekspert vurğulayıb ki, İkinci Qarabağ müharibəsi zamanı da Qərb dövlətləri bu yanaşmadan çıxış ediblər.
X.T.Əkrəm qeyd edib ki, ABŞ və digər Qərb dövlətləri ardıcıl olaraq Ermənistanı dəstəkləyib, onu silahla təmin edib: “Otuz ildən artıq davam edən münaqişə və çoxsaylı qanlı döyüşlərdən sonra Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş Qarabağı uğurla geri qaytarıb. Nəticədə Azərbaycanın qələbəsi təkcə Ermənistan qoşunlarının məğlubiyyəti deyil, həm də ədalətin təntənəsi demək idi. Bu, münaqişədə Ermənistanı dəstəkləyən ölkələrə də ciddi zərbə vurdu”.