Yuxarı

​Əfqanıstanın şərqində qızlar məktəbi partladılıb

Son 6 ayda ölkənin bu ərazisində 6-cı dəfədir məktəbə basqın edilir

Bakı. 13 iyul. REPORT.AZ/ Əfqanıstanın şərqində yerləşən Nanqahar əyalətindəki qızlar məktəbində partlayış baş verib.

"Report" "Khaama Press"ə istinadən xəbər verir ki, bunu əyalətin təhsil işləri üzrə idarəsinin təmsilçisi Məhəmməd Asif Şirinvari bildirib.

Onun sözlərinə görə, hadisə gecə saatlarında bölgənin Şiva qəsəbəsində baş verib. Partlayış nəticəsində məktəbin binası tamamilə dağılıb, oradakı dərs vəsaitləri və sənədlər məhv edilib.

Məlumata görə, məktəbdə 850 qız təhsil alırdı. Ölən və xəsarət alanlar barədə dəqiq məlumat verilmir.

Partlayışın məsuliyyətini isə heç bir silahlı qruplaşma üzərinə götürməyib. Hazırda araşdırma aparılır.

Məlumata əsasən, son 6 ayda Əfqanıstanın şərqində 6-cı dəfədir məktəbə basqın edilir.


Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi