Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 350-ni keçib

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 350-ni keçib Bədəxşan əyalətindəki təbii fəlakət 7,5 bal gücündə olub
Digər ölkələr
27 Oktyabr , 2015 11:42
Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 350-ni keçib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bazar ertəsi Əfqanıstanın Bədəxşan əyalətində meydana gələn 7,5 bal gücündəki zəlzələ nəticəsində ən azı 350 nəfər həyatını itirib. "Report" TASS-a istinadən xəbər verir ki, ölənlər elə Əfqanıstanda, eləcə də Pakistan və Hindistanda yaşayanlardır.

Zəlzələ Pakistana, daha dəqiq desək, Əfqanıstanla sərhəddə olan Xayber-Paxtunxva əyalətinə və "qəbilələr zonası" adlanan zonaya daha böyük ziyan vurub. Son məlumatlara görə, 2 mindən çox insan zəlzələdən ziyan çəkib, yüzlərlə ev dağılıb. Əfqanıstanda ən azı 70 nəfər həlak olub, 200-dən çoxu isə zərər görüb. Ən az ziyan Hindistana dəyib. Burada 4 nəfər həyatını itirib, 10-dan çoxu xəsarət alıb.

Xilasedicilərin fikrincə, yaxın günlərdə ölənlərin sayı əhəmiyyətli dərəcədə arta bilər. Bu həm də onunla əlaqədardır ki, zəlzələ elektrik enerjisinin ötürülməsində problemlər yaradıb və rabitə xətlərinin sıradan çıxmasına gətirib çıxarıb. Bu, əməliyyat məlumatlarının toplanmasına və xilasedicilərin işinə çətinlik yaradır.

Qeyd edək ki, zəlzələ oktyabrın 26-da Əfqanıstan vaxtı ilə saat 13:39-da baş verib. Zəlzələ ocağı Hindiquş dağlarında 196 km dərinlikdə, episentr isə Feyzabad şəhərindən (Bədəxşan əyaləti) 82 km cənub-şərqdə və Əfqanıstan paytaxtı Kabuldan 250 km uzaqlıqda yerləşib. ABŞ geoloji xidmətinin qiymətləndirməsinə görə, zəlzələnin maqnitudası 7,5 ballıq olub. Pakistan Geologiya Departamentinin məlumatında isə bu rəqəm 8,1 kimi göstərilib. Əlavə edək ki, daha sonra eyni bölgədə 4,1-4,8 bal gücündə bir neçə yeraltı təkan da qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi