Dünyada yeni respublika yaranıb, kraliça II Yelizaveta dövlət başçısı vəzifəsindən kənarlaşdırılıb

Dünyada yeni respublika yaranıb, kraliça II Yelizaveta dövlət başçısı vəzifəsindən kənarlaşdırılıb Karib dənizindəki Barbados ada dövləti çərşənbə axşamı günü rəsmi şəkildə respublika olub.
Digər ölkələr
30 Noyabr , 2021 08:13
Dünyada yeni respublika yaranıb, kraliça II Yelizaveta dövlət başçısı vəzifəsindən kənarlaşdırılıb

Karib dənizindəki Barbados ada dövləti çərşənbə axşamı günü rəsmi şəkildə respublika olub.

“Report” xəbər verir ki, ölkənin oktyabr ayında seçilən Prezidenti Sandra Meyson vəzifəsinin icrasına başlayıb.

Böyük Britaniya kraliçası II Yelizaveta bundan sonra Karib hövzəsi dövlətinin başçısı olmayacaq. Mərasim Barbados hökumətinin saytında yayımlanıb.

Mərasimin qonağı bazar günü Barbadosa gedən Britaniya taxt-tacının varisi, Uels şahzadəsi Çarlz olub. Barbadosun paytaxtı Brictaundakı Milli Qəhrəmanlar Meydanında kraliçanın bayrağı (ştandartı) endirilib.

Sentyabrın sonunda Barbados Məclisinin Palatası (parlamentin aşağı palatası) Böyük Britaniya kraliçası II Yelizavetanın daha Karib hövzəsi ölkəsinin başçısı olmamasını təsbit edən konstitusiyaya dəyişiklikləri yekdilliklə dəstəkləyib. Oktyabr ayında parlamentarilər 2018-ci ildən adanın general-qubernatoru olan 72 yaşlı Sandra Meysonu ölkə Prezidenti seçiblər.

Barbados Böyük Britaniyanın rəhbərlik etdiyi Birlik daxilində müstəqil dövlətdir. Ada respublika elan edildikdən sonra da ittifaqın tərkibində qalacaq. Barbados Karib dənizinin şərq hissəsində yerləşir və 287 000-dən çox sakini var. Ölkə 1966-cı il noyabrın 30-da müstəqillik əldə edib.

Son xəbərlər

Orphus sistemi